...Hər gün saçlarımdan asılıram,
yeddi qat dərim soyulur,
gözlərim oyulur...
Xocalıda dərisi soyulan,
gözləri oyulan,
başı kəsilən körpələrin anası kimi
ölüb-ölüb yenidən dirilirəm,
unuda bilmirəm…
unutmaq istəmirəm də!
unutduqca dərdimiz təzələndi,
ürəyimiz güllələndi.
unutmaq bizə yasaq,
unutmaq bizə haram olsun!
Bəli, Xocalı faciəsi bizim üçün unudulmaz, bu qanlı tarixi unutmaq özümüzü unutmaq deməkdi. Xocalının heyifini Müzəffər Ali Baş Komandanımız, güclü ordumuzla almışıq, yaramıza bundan böyük məlhəm olarmı? Amma biz bu qanlı tarixi yenə unutmamalıyıq. Bu gün Xocalıda quruculuq işləri elə böyük həvəslə, elə sürətlə gedir ki, xocalılar tezliklə dogma yurdun havasını alacaqlarını səbirsizliklə gözləyirlər. Xocalılar özləri də yaralı Vətən torpağına məlhəm olur, dogma yurdu yenidən tikib-qururlar. Amma yenə də bu tarix unudulmaz…
Bu gün düşmənimizin daha çirkin havadarları var və onlar birlikdə gecə-gündüz plan qurmaqdadırlar. Amma onların topu, tankı, raketi yenidən qurulan Qarabağa kar etməz, daha onlar torpağımızda ikinci bir Xocalı faciəsi törədib dünyanın gözünə kül üfürə bilməzlər. Özləri də həqiqəti yaxşı bilirlər, bu torpaqların onlara heç bir dəxli olmadığını çox gözəl anlayırlar. Amma onların kini dünyanın üzünü qaraldır, nifrəti bütün aləmə yayılır. Havadarları onları nə qədər bağrına bassalar da AZƏRBAYCAN adlı bir yumruğa dəyməz. Onların davası küləklə günəşin davası kimidi. Külək günəşi sevən adamın gödəkcəsini çıxara bilməyəcək. Günəşə isə gec-tez bütün dünya gülümsəyəcək… Çünki dünyanın başqa xilas yolu yoxdu. Dünya qan üstündə yox, sülh-əmin-əmanlıq üstündə bərqərar olur. Dünya bir zəncirdir, onu qırmağa çalışanların aqibəti sonda çox dəhşətli olur, yavaş-yavaş məhvə məhkum olursan. Necə ki, ən gözəl torpaqlarımızda, bulaqlarımızın başında, gülüstanımızın ortasında oturub davaya başlayan ermənilər 44 günlük Şanlı Vətən Müharibəsində başlarını götürüb qaçdılar, elə də dünyadan qovulacaq bir gün bu üzdəniraqlar.
Xocalı faciəsi də təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya, insanlığa qarşı bir cinəyətdir. Burada təkcə azərbaycanlı balasının körpəsi yox, başqa millətlərin də balaları qətl edilib. Müharibədə anası erməni olan əsgərimiz də şəhid oldu. Bunu görmək üçün onlarda düşüncə varmı? Axı, onun-bunun havasına oynayan bu zavallı toplu nədən anlamır ki, müharibə, bu cığallıq ancaq onların ziyanınadı, oğulları qırılır, dünyaları qaralır, yerləri daralır… İnsan olan öz yerini bilməzmi?
Bu gün dünyanın ən dəhşətli faciələrindən bəlkə də, ən birincisi olan XOCALI qətliamından 32 il ötür. XOCALI sözündən sanki bir süküt çökür üzərimizə, dilimiz söz tutmur, bu ağrını yaşamaq, daşımaq belə çox ağırdı… Tarix bunu unutmayacaq. Biz bu tarixi unutmağa qoymayacağıq. Xocalıda şagirdlər burada baş verənləri öyrənəcək. İllər, qərinələr keçəcək, Xocalı faciəsi nağıllanacaq, amma unudulmayacaq. Çünki unutmaq bizə baha başa gəldi, unutmaq bizim üçün ölüm deməkdi… Düşmənin əli bu gün də tətikdə… Amma yel qayadan heç nə qopara bilməyəcək.
Başın sağ olsun, Xocalı, tezliklə görüşənədək!
Mina RƏŞİD