26.12.2024, 20:39
AZ EN
18.01.2024, 16:10

Vasif Quliyev – 70

Mina RƏŞİD

  • Elə insanlar var ki, onları düşünəndə və ya onlar haqqında söz düşəndə üzünə təbəssüm qonur. Çünki həmin anda o insanın surəti gözlərin önündə canlanır və onun hansı yaşda olmasından asılı olmayaraq sanki yaddaşından sənə tərtəmiz bir uşaq gülərüzlə əl eləyir.

Tədqiqatçı-jurnalist Vasif Quliyevlə bağlı yazıya başlayanda da Vasif müəllimin özünəməxsus təbəssümünü xatırladım. Düşündüm ki, onun belə sakit, saf təbiətli, mehriban, qayğıkeş bir insan olmağı bəlkə elə dünyaya gözlərini açdığı gözəlliklər diyarı Şuşanın dağları, sıx meşələri, billur bulaqları ilə bağlıdır. O Şuşanın ki, dünyaya Üzeyir Hacıbəyli kimi dahilər bəxş edib. Çox hörmətli Vasif müəllm də illərlə dogma Şuşasına həsrət qalsa da, ruhən ondan bir addım da ayrılmayıb. Uşaqlığından Şuşada yaddaşına hopmuş nə varsa hamısını əzizləyə-əzizləyə qələmə alıb, sonra həmin yazıları bir yerə toplayıb və onlardan cild-cild kitablar bağlayıb. Vasif Quliyev bu yazılarla özü sanki bir şüşə - Şuşa adama çevrilib. İllərlə Şuşanın tarixinə, onun dərin qatlarına baş vurub, qələmi silaha çevrilib. Nankor düşmənin mənəvi dəyərlərimizi də əlimizdən almağa, yaddaşımızdan qoparmağa imkan verməyib. O, bir tədqiqatçı kimi tarixin dərin qatlarına baş vurduqca, üzərini toz basmış qiymətli xəzinələri aşkara çıxardıqca başı öz sevimli işinə - Şuşaya elə qarışıb ki, bir də baxıb gəlib 70 yaşını haqlayıb. Şuşa da artıq azad əzəməti ilə düşmənə meydan oxuyur. İndi də Şuşaya, ata-baba ocağına tez-tez səyahətlər edir, Şuşanın qoynunda özünü dünyanın xoşbəxti sayır.      

Tədqiqatçı-jurnalist, “Şuşa” qəze­tinin və “Günəş” jurnalının baş redaktoru Vasif Quliyevin anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Mətbuat Şurasın­da tədbir keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid yubilyarın mediamızın inkişafında və milli-mənəvi dəyərlərimi­zin təbliğində çoxillik səmərəli fəaliyyətini yüksək qiymətləndirərək ona rəhbərlik et­diyi qurumun təbrik plaketini təqdim edib.

“Vətən səsi” saytının baş redaktoru, Əməkdar jurnalist El­şən Əliyev isə məcburi köçkünlük dövrün­də “Şuşa” qəzetinin nəşrini davam etdirdiyini, Qarabağda məhv edilmiş mədəni abidələrlə bağlı geniş tədqiqat apardığını qeyd edərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rza­yevin təbrikini və təşəkkürünü Vasif Qu­liyevə çatdırıb.

Tədbirdə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, qoca­man tarixçi alim Yunis Hüseynov, əmək­dar jurnalistlər Adil Cəmil və Namiq Qədimoğlu, şair Ağacəfər Həsənli, yubilyarın qələm dostları İlham İsmayıl, Mədət Məmmədov, Hikmət Sabiroğlu və digər çıxış edənlər Vasif Quliyevi bir sıra ki­tablara mövzu olmuş Şuşa sevgisindən,  maddi və mənəvi irsimizin, Qarabağın mənəvi dünyasının qaranlıq səhifələrinin öyrənil­məsində xidmətlərindən danışdılar, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıblar.

Mina RƏŞİD