Xocalıyam, dağam mən,
Ürəyi dağ-dağam mən.
Gərək düşmən üstünə
İldırımtək çaxam mən.
Və bir gün faciəmiz nə qədər böyük idisə, bizə bu müsibəti yaşadan düşmən üzərində QƏLƏBƏMİZ də o qədər möhtəşəm oldu. 2020-ci il sentyabrın 27-də ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Vətən Müharibəsində Azərbaycan Ordusu azğın düşmənin Qarabağda illərlə möhkəmləndirdiyi “keçilməz” sədləri cəmi 44 gün ərzində darmadağın elədi və torpaqlarımız nəhayət ki, işğaldan qurtuldu. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində isə XOCALI işğaldan azad olundu. Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçdi. Ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Xocalının işğaldan azad edilməsinin bizim üçün nə demək olduğunu və qisasımız alınmaqla bizim sanki dünyaya yenidən gəldiyimizi, bu sıxıntıdan necə qurtulduğumuzu sözlə ifadə etmək elə də asan deyil...
Bu gün Xocalının işğaldan azad edilməsinin sevincini yaşayan belə insanlardan biri, Xocalı işğal ediləndə balaca uşaq olsa da o müsibətləri heç vaxt unutmayan və yazıları ilə həmişə dərdimizə işıq tutan “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu və onun baş redaktoru olduğu “Xocalının səsi” qəzetindən danışmaq istədik.
Xocalı mühasirədə olanda “Xocalının səsi” yarandı
Xocalı rayonunun yeganə mətbuat orqanı olan “Xocalının
səsi” qəzetinin artıq 33 yaşı var. Qəzet 9 iyul 1991-ci il tarixindən fəaliyyət göstərir. “Xocalının səsi” qəzeti yarandığı ilk gündən azğın düşmənlərin məkrli planlarını öz səhifələrində işıqlandırmaqla "Xocalıya ədalət" beynəlxalq təbliğat kampaniyası şüarı altında çap edilir. Qəzet hazırda ayda bir dəfə, 8 səhifədən ibarət olmaqla 600 tirajla işıq üzünə çıxır. Qəzetdə yer alan yazılar sosial şəbəkə hesablarında və xocalininsesi.az saytı vasitəsilə geniş oxucu kütləsinə çatdırılır.
"Xocalının səsi" qəzeti həmişə xalqımızın ədalətli mövqeyini nümayiş etdirərək, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz töhfəsini verməyə çalışıb. Qəzet Vətən Müharibəsində əldə etdiyimiz böyük Zəfəri təbliğ edərək qüdrətli Ordumuzun hünərindən, Müzəffər Ali Baş Komandanımızın qətiyyətindən bəhs edən yazılarla oxucuların diqqətini çəkib. Şəhidlərimizi, qazilərimizi, igid oğullarımızı həmişə diqqətdə saxlayan qəzet, onların keçdiyi şərəfli döyüş yolunu layiqincə işıqlandırır və “Böyük Qayıdış” prosesindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında gedən quruculuq və abadlıq işlərindən mütəmadi məlumatlar paylaşır.
Qəzetin baş redaktoru deyir ki, “Xocalının səsi” qəzeti Xocalı hələ mühasirədə olarkən fəaliyyətə başlayıb. Həmin vaxt öz havadarlarından dəstək alan erməni qaniçənləri işğal planlarını hazırlayırdılar. Belə çətin vəziyyətdə qəzet Tərtər rayonunun mətbəəsində çap edilərək Qarabağda və Xocalıda baş verən hadisələri oxuculara doğru-dürüst şəkildə çatdırırdı. "Xocalının səsi" qəzeti Xocalı soyqırımı haqqında doğru məlumat verən ilk mətbuat orqanlarından biridir.
Xocalılar kimi didərgin ömrü yaşayan "Xocalının səsi" qəzetinin fasiləsiz və çoxlu sayda tirajla çap edilməsində qəzetin ilk redaktoru Sərdar Mehdiyevlə sonrakı dövrlərdə Qasım Qırxqızlının, həmçinin qəzet əməkdaşların fədakar əməyi danılmazdı.
Qəzetin ilk baş redaktoru - Sərdar Mehdiyev
"Xocalının səsi" qəzetinin ilk baş redaktoru Mehdiyev Sərdar Dadaş oğlu 22 aprel 1933-cü ildə Ağdam şəhərində anadan olub. O, uzun illər müxtəlif rayon qəzetlərində jurnalist kimi çalışıb. Təcrübəli jurnalist 1991-ci ildən 2000-ci ilədək "Xocalının səsi" qəzetinin redaktoru olub. Sərdar Mehdiyev "Həsən bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatıdır.
Qəzetin ikinci redaktoru - Qasım Qasımov
Sərdar müəllimin vəfatından sonra qəzetin baş redaktoru Qasım İslam oğlu Qasımov olub. Qasım müəllim 1945-ci ildə Laçın rayonunun Ardıclı kəndində anadan olub. 20 il Xocalı rayonunun Cəmilli kənd orta məktəbində direktor işləyib. O, Kərkicahan qəsəbəsinin yaranmasının təşəbbüsçüsü və ilk qəsəbə sovetinin sədri olub. Respublika təşkilat komitəsinin (Qarabağ üzrə) sədri Polyaniçkonun güclü təzyiqi nəticəsində könüllü istefa verib. Xocalı rayon Təhsil şöbəsində inspektor vəzifəsində çalışıb, "Xocalının səsi" qəzetinin yaradıcılarından biri olub, 2000-ci ildən 2015-ci ilə qədər bu qəzetin baş redaktoru olub. "General Məhəmməd Əsədov", "Qızıl qələm" mükafatçısı olan Qasım Qasımov "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü idi. Qasım müəllim Qarabağın tarixini, bu gününü, müharibənin səbəblərini və şəhidlərin həyatını əks etdirən 11 kitabın müəllifidir. "Qarabağda talan var" sənədli televiziya filminin ssenari müəllifidir.
Qəzetin indiki baş redaktoru – Qalib Bəyməmmədoğlu
“Xocalının səsi” qəzetinin redaktoru Quliyev Qalib Bəyməmməd
oğlu (Qalib Bəyməmmədoğlu)1986-cı il mayın 6-da
Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1993-2004-cü illərdə Kəpəz rayon Hacıkənd qəsəbəsində uyğunlaşdırılmış binada fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində təhsil alıb. 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə daxil olub. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Riyaziyyat və informatika müəllimliyi üzrə ixtisasartırma kursunu keçib. 2012-ci ildən Xocalı rayon Kosalar kənd tam orta məktəbində İnformatika müəllimi işləyir. 2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin Kommersiya fakültəsinə qəbul olunub.
Qalib müəllimin “Xocalının səsi” qəzetinə gəlişi əvvəlcə onun şeirləri ilə başlayıb. Belə ki, Qarabağ həsrətini poetik şəkildə ifadə edən Qalib Bəyməmmədoğlu şeirlərini bir gün "Xocalının səsi" qəzetinə göndərir. Mərhum redaktor Qasım Qırxqızlı redaksiyaya şeirlər göndərən gənc yazarın bacarığını hiss edərək onu qəzetdə ictimai əsaslarla işləməyə dəvət edib. Qalib Quliyev 2013-cü ildən Xocalı rayon İcra Hakimiyyətinin orqanı olan "Xocalının səsi" qəzetində
bölgə muxbiri və texniki redaktor kimi çalışıb. 2015-ci ilin noyabr ayından "Xocalının səsi" qəzetinin və xocalininsesi.az saytının baş redaktoru vəzifəsində çalışır.
Qalib Quliyev “Bəyməmmədoğlu” təxəllüsü ilə jurnalistika sahəsində bir çox uğurlar qazanıb. Respublika jurnalistlərinin fərdi yazı müsabiqələrdə 5 dəfə III yerin, 1 dəfə I yerin qailibi seçilib.
2013-cü ildən Jurnalistlər Birliyinin, 2022-ci ildən isə Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildən Yeni Azərbaycan Partiyası sıralarına qoşulub. 2021-ci ildə "Bu da mənim ürəyim" adlı şeirlər kitabı işıq üzü görüb. O, Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədridir.
Qalib Quliyev Xocalının işğaldan azad edilməsi ilə bağlı bu gün özünü çox xoşbəxt hiss edir: “Ən böyük və ən müqəddəs arzumuz həyata keçdi. Artıq bizim qarşımızda yeni missiya var. Qəzetimizdə Xocalıda aparılan abadlıq-quruculuq işlərini, doğma torpaqılarımızı işıqlandırmaq... Çox şükür ki, Allah bizə bu günləri nəsib elədi”.
Çox şükür...
Mən azad Xocalıyam,
Daha qəm istəmirəm.
Silirəm göz yaşımı.
Duman, çən istəmirəm.