Əslində bizim müstəqil, suveren bir dövlət olaraq ən ali məqsədlərimizdən biri idi bu. Şuşanın, Laçının, Ağdamın, eyni zamanda digər torpaqlarımızın işğaldan azad olunmasına, əlbəttə, çox sevinmiş, haqlı olaraq göz yaşlarımızı saxlaya bilməmişdik. Lakin son nəticə bu deyildi. Son nəticə Azərbaycanın hər bir qarışında, hər bir addımında onun bütövlüyünün və suverenliyinin təmin olunması idi.
Xankəndisiz bu, mümkün deyildi.
Bu şəhər erməni separatçılarının əsas yuvası, qondarma Arsaxın-Sarsaxın qondarma paytaxtı idi.
O coğrafiyanı tanıyan insanların dilindən ən ülvi arzu kimi eşitmişəm: Ağdamdan Şuşaya gedək... Bu üç cümləlik arzunun içərisində nələr yox idi? Və o gün bizə qismət oldu. Artıq Şuşaya və Laçına bir çox səfərlər məhz Ağdam-Əsgəran-Xocalı-Xankəndi marşrutu ilə gedir. Qarabağın bütün şəhər və kəndləri bu marşrutda deyil, lakin hamısının, ümumən Qarabağın və demək həm də Azərbaycanın taleyi bu marşrutdan asılıdır.
Taleyimizin sarı simidir Xankəndindən, Xocalıdan keçən Ağdam-Şuşa yolu!
Diqqət etsəniz, cümhuriyyət dövründə də Bakının azadlığından sonra Qarabağ və Zəngəzur milli hökumət rəhbərlərinin ən ciddi yanaşdığı bölgə idi. Təbii, o vaxt de-fakto nə dövlət sərhədləri vardı, nə o sərhədi başa-baş qoruyan sərhədçilər, nə də lazım olan sayda nizamı ordu. Ermənilər isə Rusiya paytaxtında baş verən hadisələrdən sui-istifadə edib bizim ata-baba torpaqlarımızın hesabına öz ərazilərini genişləndirirdilər. Çar devrilənə qədər Qış sarayında, devriləndən sonra Kremldə hakimiyyət əldən-ələ keçirdi, lakin əsrlərdən bəri öz mahiyyətini dəyişməyən rus imperializmi Qafqaz siyasətinə sadiq qalırdı. Bu siyasət Azərbaycanla Türkiyə arasına dürtüşdürülmüş, bəli məhz dürtüşdürülmüş ermənilərə havadarlıq etmək, bununla da təkcə Qafqazdakı müsəlmanları deyil, digər xalqları, elə ermənilərin özünü də ciddi tabeçilikdə saxlamaq üsulu idi. Ermənilər bu amansız həqiqəti çox gec, 44 günlük müharibədə məğlub olandan sonra lazımınca anladılar.
Cümhuriyyətin məhz Xosrov bəy Sultanov kimi böyük bir şəxsiyyəti Qarabağa general-qubernator təyin etməsinin səbəbi də Qarabağa və Zəngəzura həssas münasibətinin nəticəsi idi. Bu barədə dahi Üzeyir bəy Hacıbəylinin xüsusi məqaləsi də var. Xosrov bəy həm savadlı, həm bacarıqlı, həm də inanılmış şəxsiyyət idi. Üstəlik, qardaşı Sultan bəy öz nüfuzundan və var-dövlətindən istifadə edərək könüllü xalq igidlərindən ibarət dəstə yaratmış, torpaqlarımızın müdafiəsinə qalxmışdı. Xosrov bəyin də bir rəhbər və mütəxəssis kimi bu bölgəyə göndərilməsi oradakı mövqelərimizi birə-beş gücləndirirdi.
Ehtimallar özünü doğrultdu. Xosrov bəy qısa zamanda bir neçə tanınmış erməni sərkərdəsinin qoşununu darmadağın edərək Qarabağa və Zəngəzura nəzarəti tam bərpa etdi. Bundan sonra Ağdamdan Şuşayacan hərbi parad keçirərək dosta da, düşmənə də gücümüzü göstərdi.
Lakin cümhuriyyətin süqutu hər şeyi dəyişdi və biz mücadiləyə başladığımız günlərdəkindən daha çox torpaq itirdik. Zəngəzur iki yerə bölünərək Naxçıvanı blokadaya saldı, Azərbaycanın tərkibində isə Dağlıq Qarabağ Muxtar Vilayəti adında sırf bölücülüyə hesablanmış bir qurum yaradıldı. Xankəndinin – Qarabağ xanının kəndinin adı dəyişdirilərək Stepanakert qoyuldu və bu şəhər DQMV-nin paytaxtı oldu.
Və Azərbaycanın Qarabağ adlı faciəsi başlandı!
SSRİ vaxtı süni sabitliklə susdurulmuş, əslində konservləşdirilmiş problem ittifaqın dağılması ilə yenidən alovlandı. Bunu həm də son günlərini yaşayan SSRİ rəhbərliyi özü istəyirdi.
Beləliklə, Qafqazın ən böyük lənəti yenidən qanlı caynaqlarını hər birimizin taleyinə keçirdi.
Qarabağ yenidən Azərbaycanın ən böyük bəlasına, onun azadlığını təhdid edən faciəsinə çevrildi və nə az, nə çox düz 30 il – 2020-ci iləcən davam etdi.
2020-ci il Azərbaycanın taleyində dönüş ili oldu. 44 günlük müharibə ilə düşmən darmadağın edildi, işğal altında qalan torpaqlarımızın əksər hissəsi hərbi yolla, əhəmiyyətli hissəsi sülh yolu ilə azad edildi. Lakin erməni separatizmi ən zəif halında belə siyasi möhtəkirlikdən qalmadı və bu da antiterror əməliyyatını zərurətə çevirdi.
Sonuncu əməliyyatla nəinki ağlımıza gəlməyən, heç yuxumuza da girməyən hadisələr baş verdi: Qarabağdakı qondarma separatçı rejim təslim olduğunu elan etdi və Arsax-Sarsax buraxıldı. Bunun ardınca ermənilərin köçü başladı.
Azərbaycan rəhbərliyinin qalibiyyət təmkini bütün dünyaya örnək sayıla bilər. Müharibə boyu dinc əhalini hədəfə almayan ölkəmiz yenə alicənablığını qoruyub saxladı, dinc əhalinin təhlükəsiz şəkildə Qarabağda qalıb yaşamasının heç bir problem olmadığını bildirdi. Lakin burada dinc əhali nə qədər idi? Elə adam var idimi ki, 90-cı illərdə Azərbaycana qarşı silah qaldırmasın? Əlbəttə, sualın cavabını separatçılar bizdən yaxşı bilirdilər. Öz avtobioqrafiyasına güvənməyənlər, ki, bunlar əhalinin əksəriyyətini təşkil edirdi, daha bərk qaçmağa başladılar. Hətta onların bəzisi Xankəndinin özündə, bəzisi Laçın post-məntəqəsində tutularaq Bakıya gətirildi və sivil qanunlara uyğun məhkəmə qarşısına çıxarıldı.
Bu günlərdə Ağcabədidə keçmiş məcburi köçkün ailəsinin yas məclisində iştirak edirdim. Həmişə Qarabağ problemindən kədərlə söz açan ağsaqqal tanışımın bu dəfə üzü gülürdü. Mən fürsət tapıb ondan soruşdum ki, Xankəndində Azərbaycan bayrağının ucaldılacağı onun ağlına gəlirdimi? Dedi, tam bu cür düşünmürdüm, amma bilirdim ki, haqq nazilər, üzülməz, Allah bir gün başını qaldırıb biz tərəfə mütləq baxacaq...
Ağsaqqalın sözləri söhbətimizə çox yaxşı yekun oldu. Elə yazımızı da bu əhvalla, Quran ayəsi qədər dəqiq deyilmiş bu sözlərlə yekunlaşdırmaq istərdim. Yalnız bircə əlavə ilə: biz 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə azad Qarabağ, azad Şərqi Zəngəzur və suveren Azərbaycanla gedirik. İndi bütün dünya azərbaycanlıları vətənin aqibətindən xatircəmdir. Dünyadan köçmüş bütün böyük oğullarımızın, şəhidlərimizin ruhu şaddır. Bu Yeni il də bizim üçün heç bir Yeni ilə bənzəmir. Şübhəsiz, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurdakı tikinti və quruculuq işləri daha böyük vüsət alacaq, doğma yurd-yuvamıza daha çox ailələr köçürüləcək...
Zəfərlə süslənmiş həmrəylik günümüz və Yeni ilimiz mübarək olsun!