10.10.2024, 14:52
AZ EN
06.05.2022, 17:00

Xarıbülbül - qələbəmizin simvolu

Mina RƏŞİD

Mənim səhərlərim gec açılar,

amma gözəl olar...

Xarıbülbül, sənin də, xoş müjdəli səhərin gec açıldı, düz 30 ilə yaxın səninlə gözlədik bu parlaq səhəri... Və bir gün uca dağların başından günəş şəfəqlərini elə bir möcüzəylə saçdı ki, hər tərəf aydınlandı, üstündən dumanlar çəkildi, aləm nura qərq oldu... Bu Zəfər müjdəsi idi, yenilməz Ordumuzun şücaəti, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu və Müqəddəs Şəhidlərimizin qanı bahasına əldə edilən bir ZƏFƏR. Zəfər sənə yaraşdı, sən də Zəfərə. Və dönüb qələbəmizin ifadəçisi – müqəddəs rəmzi oldun. Əldən ələ gəzdin, dildən-dilə. Səni bir simvol kimi üzərimizdə daşıyanda qürurlandıq, fərəhləndik. Üçrəngli bayrağımıza qardaş oldun, sirdaş oldun, sənət adamlarının ilham mənbəyinə çevrildin. Rəssamlar sənə yaraşan rəngi gəzdilər,  xalçaçılar səni naxış-naxış bəzədilər, şairlər dağ başından könüllərinə həkk elədilər...

Xarıbülbül, səni necə vəsf edim, axı? Sən də mənim qədər kövrəksən, dünən avtobusda Şuşada döyüşmüş bir qazimizin səsini duydum. Qəhrəmanların da ürəyi kövrək olur axı. O kövrək səs qəlbimi titrətdi, gözlərimi yaşartdı. Deyirdi, səsi hələ indi-indi açılır, danışa bilmirmiş, Səni, bizi, Şuşamızı xilas etmək uğrunda savaşdığı üçün...

Xarıbülbül, sən daha həsrət, kədər, məğlubiyyət simvolu deyil, Qələbə rəmzisən! Bundan sonra sənə qoşulan nəğmələr Zəfərimizi, azad yurdumuzu, füsünkar Qarabağımızı, məğrur Şuşamızı ifadə edəcək.

Bu il Müzəffər Ali Baş Komandanımızın məlum sərəncamı ilə Şuşa şəhəri  Azərbaycanın mədəni paytaxtı, elan edilib. Demək, bu il sənin də bayramındı, Xarıbülbül!

Vətən bağı al-əlvandır,

Yox üstündə xarı, bülbül.

Ömür sürməli dövrandı,

Səsin gəlsin, Sarıbülbül!