26.12.2024, 20:51
AZ EN
17.10.2023, 10:59

Xankəndidə yüksələn bayraq...

Elxan SALAHOV

Xankəndidə ucaldılan ay-ulduzlu, üçrəngli bayrağımız sosial şəbəkələrin bəzəyinə çevrilib. Hamı Prezident İlham Əliyevin Xankəndidə Azərbaycan gerbi və bayrağı altında çəkilən fotolarından danışır, şərhlər və təbriklər paylaşır, bu tarixi günün sevincini, qürurunu yaşayır.

Xankəndinin mərkəzində - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin partiya komitəsinin binasında separatçıların qondarma simvolları zibil yeşiyinə atıldı. İndi orada, elə həmin binada Azərbaycanın dövlət gerbi bərq vururur, bayrağımız dalğalanır!

İki gecədir, Azərbaycan xalqının mənliyini, qürurunu özünə qaytaran bu tarixi hadisənin ikinci sutkası hələ tamam olmayıb. Xalq və millət olaraq hər kəsin vu möhtəşəm qalibiyyətin sevincini yaşaması necə gözəl hisslərmiş! Ən azı yüz il nigarançılığını çəkmişik bu günün! Otuz ildən artıqdır bu günü gözləyirdik!
 
Adamın inanmağı gəlmir, 30 ildən artıqdır torpağımızı işğal altında saxlamaqla Qarabağda guya, “müstəqil dövlət” qurduqlarını zənn edərək özlərini qondarma respublikanın “prezidenti”, “hökumət başçısı”, “naziri” adlandıran bir yığın terrorçu dəstənin “paytaxt“ elan etdiyi Xankəndi şəhəri yad ünsürlərdən tamamilə təmizlənib! Otuz ildən artıqdır dünya liderlərini, adlı-sanlı beynəlxalq təşkilatların rəhbərlərini öz uydurma və yalanlarına inandırmağa çalışan erməni separatçılarının “mərkəzi qərargahı”, “iş otağı” rolunu oynamış “hökumət binası”nda indi Azərbaycan bayrağı dalğalanır. Xocalı cəlladları Robert Köçəryandan, Serjik Sarkisyandan, Vitali Balasanyandan tutmuş Bako Saakyana, Arkadi Qukasyana, Arayik Harutunyana və Samvel Şahramanyana qədərki separatçı liderlərin oturduğu həmin binada Azərbaycana qarşı çıxarılan hökm və qərarların, azərbaycanlılara verilən işgəncə planlarının sayı-hesabı yoxdur. Külli Qarabağın, Laçın və Kəlbəcər də daxil 7 ətraf rayonun işğal planları Xankəndidə, məhz Ali Baş Komandan İlham Əliyevin Azərbaycan bayrağını qaldırdığı həmin binada hazırlanmışdı. 1992-ci ilin yayında Ağdərə uğrunda döyüşlərdə əsir götürülmüş kəlbəcərli könüllünü sonradan Ermənistanın prezidenti olmuş Robert Köçəryan məhz həmin binada özünün iş otağında sorğu-sual etmiş, işğalçı ordu üçün lazım olan mühüm məlumatları ala bilmədikdə onun ən ağır işgəncələrlə cəzalandırılmasına şəxsən göstəriş vermişdi...

İndi həmin binada Azərbaycan bayrağı dalğalanır. Bu bayraq təkcə Ermənistana yox, həm də və daha çox Qarabağı münaqişə ocağına, müharibə meydanına, nüfuz savaşına çevirən havadarlarına verilən cavabın təntənəsidir! Otuz beş min şəhidin qanı, yüz minlərlə qazinin yarım canı, 700 mindən artıq məcburi köçkünün naləsi, minlərlə əsir və girovun işgəncə yarası var bu bayraqda.

Bu bayraq imperiya arzusu ilə alışıb-yanan, Qarabağı münaqişə ocağına çevirən Mixail Qorbaçovun davamçılarına, zəif və gücdən düşmüş Rusiyanın öləzimiş nüfuzundan özünə yem düzəltmək həvəsilə dəridən-qabıqdan çıxan, tələm-tələsik Qafqaz regionuna soxulmağa çalışan Fransaya, onun erməni lobbisinin əlaltısı olmaqdan qurtula bilməyən keçmiş və indiki liderlərinə siyasət dərsidir! Azərbaycan Prezident 44 günlük müharibədən sonra tarixin zibilliyinə atılmış ATƏT-in Minsk Qrupunu diriltməyə çalışan, Qarabağa status, ermənilərə isə sərbəst gediş-gəliş üçün təhlükəsizlik zolağı istəyən qos-qoca Fransaya, Makrona SİYASƏT DƏRSİ keçir! Həm də bütün dünyanın gözü qarşısında, necə deyərlər, AÇIQ DƏRS! Təkcə Makrona yox, elə başqalarına da! Düz üç ildir!

Xankəndidə ucaldılan bu bayraq Qarabağda itirdiklərimizin haqqıdır! Bu bayraq Xocalıda, Qaradağlıda, Başlıbeldə, Tuneldə (Kəlbəcər), Ballıqayada törədilən kütləvi qətliamların, odu-alovu, ah-naləsi ərşə dirənən Kərkiçahanın, Ağdabanın intiqamıdır!

Gec oldu, amma oldu! Sözlə, danışıqla, yalvarışla yox, düşmənlə döyüşərək, müharibə meydanında üz-üzə, göz-gözə vuruşaraq, yeri gələndə əlbəyaxa güləşərək aldıq bu haqqı! Millət, Dövlət və Ordu olaraq!

Ermənilər və onların havadarları Qarabağı bizdən qopara bilmədilər! Külli Qarabağın, Xanın qurduğu kəndin Azərbaycan olduğunu bir daha təsdiq edə bildik!  Bundan sonra ən böyük vəzifəmiz bu haqqı bir daha kimsəyə verməmək, göz bəbəyi kimi qorumaqdır! Xankəndidə yüksələn bayraq bir daha enməz, İnşallah!

Allah şəhidlərimizə rəhmət eləsin!

Şükür bu günə!

Elxan SALAHOV