Ən dəhşətlisi, ölənlər arasında mülki şəxslər olduqca çoxdur. Mütəxəssislərin fikrincə son 50 ildə İsrailin üzləşdiyi ən böyük faciə yaşanır.
Son analizlərdə İsrailə edilən qəfil hücumda Rusiya və İran izinin müşahidə edildiyini söyləyənlər var. Belə olan təqdirdə münaqişənin miqyası genişlənir.
Hətta Üçüncü Dünya müharibəsi anonsu verən pessimistlər də tapılır.
Bütün hallarda bizim üçün də ciddi narahatlıqlar var.
Yenə də coğrafiya və tale məsələsi...
Bildiyiniz kimi, İsrail Azərbaycanın ən yaxın müttəfiqidir. İkinci Qarabağ müharibəsi vaxtı qələbəmizi şərtləndirən ən müasir silahların xeyli hissəsini İsraildən almışdıq. Onlar bizə elə silahlar satmışdılar ki, dünyanın heç bir ölkəsinə satmamışdılar. Bundan əlavə, İsrail beynəlxalq toplantılarda qardaş Türkiyədən sonra bizi ən çox müdafiə edən ölkədir. Həm də sözümüzü deyən, bizə diplomatik dəstək verən güclü ölkələrə bu qədər ciddi ehtiyac duyduğumuz bir vaxtda...
Üstəlik, Azərbaycanda xeyli yəhudi yaşayır. Onlardan Qarabağda döyüşlərdə iştirak edən və hərbi xidmət keçənlər də var. Hətta Milli Qəhrəman adına layiq görülənlər də...
Fələstinlilər isə müsəlmandır. Bizimlə eyni dinə inanırlar. Bu mənada baş verən qanlı hadisələr Azərbaycan üçün arzuolunmazdır. Həm də terrordan zərər çəkən, məşəqqətlər yaşayan bir ölkə kimi baş verənlər bizim üçün sarsıdıcıdır.
İsraildə Xocalıya bənzər vəhşiliklər yaşandı. Amansızlıqla qətlə yetirilən, qətlə yetirildikdən sonra meyitləri təhqir olunanlar arasında qocalar, qadınlar və uşaqlar da çoxdur. HƏMAS yaraqlıları hücum etdikləri şəhərlərin turistlərinə də aman vermədilər. Baş kəsmək, qarın yırtmaq, meyitləri küçə boyu sürümək...
Hər şey ildırım sürəti ilə baş verdi. Hətta o qədər ki, konfliktoloqları və hərbi mütəxəssisləri heyrətləndirdi. Ən böyük sual isə bu oldu: söhbət minlərlə raketdən və açıq hücumdan gedirsə, İsrailin əks kəşfiyyat və təhlükəsizlik orqanları bundan necə xəbər tutmayıb?
Ancaq, məncə, bundan da böyük sual vardır: HƏMAS bununla nəyə nail oldu? İsrailin məğlubedilməz mifini dağıtdı, qisas aldı, yoxsa öz gücünü nümayiş etdirdi?
Cavab vermək heç kimə asan deyil. Ən yaxşı halda bir sualın beş-altı cavabı ortaya çıxır. Həm də ehtimal şəklində. Bircə fakt dəqiqdir. Qəzza zolağı dəhşətli təhlükə ilə üz-üzədir. İsrailin yüz mindən artıq təpədən-dırnağa silahlanmış, ən müasir texnika ilə təchiz olunmuş ordusu bu kiçik ərazini həm dənizdən, həm qurudan üzük qaşı kimi mühasirəyə alıb. Hökumət başçıları isə bəyan edib ki, baş verənlər və baş verəcəklər üçün bütün məsuliyyəti HƏMAS daşıyır.
Belə bir gərgin vəziyyətdə HƏMAS-ın terrordan başqa heç nəyə nail olmadığı açıq-aydındır. Odun içinə isə həmişəki kimi günahsız fələstinlilər düşdü.
Bircə ümidimiz İsrailin hüquqi dövlət olmasınadır. Yəni bu cür sivil bir ölkə terrorçulara eyni üslubda cavab verməz, yalnız antiterror əməliyyatı aparar. Bu onun haqqıdır. Necə ki, biz sentyabrın 19-da belə bir əməliyyat keçirdik və 23 saatın içində separatçılar ağ bayraq qaldırmağa məcbur qaldılar.
İsrail-Fələstin münaqişəsi Qarabağ hadisələri tez-tez müqayisə olunur. Elə son hərbi əməliyyatlar vaxtı amerikalı ekspert Brenda Şefer də belə bir analogiya apararaq xeyli maraqlı fikirlər səsləndirib:
“Azərbaycan nümunəsi HƏMAS-ın özünə haqq qazandırmaq üçün irəli sürdüyü bütün iddiaların əsassız olduğunu ortaya qoyur. 1990-cı illərin əvvəllərində ermənilər bir milyona yaxın azərbaycanlını evlərindən sürgün etdi, evləri və məscidləri yandırdı, qəbirləri dağıtdı. Buna baxmayaraq Azərbaycan heç bir terror əməli törətmədi”.
Doğrudan da belədir. Lakin biz təkcə 1990-cı illərin əvvəlində deyil, torpaqlarımızın işğal altında qaldığı 27-28 il ərzində də, torpaqlarımızın azadlıq mücadiləsinə qalxdığımız 44 günlük müharibə vaxtı da terrora əl atmadıq.
Hətta ermənilər Tərtərə, Bərdəyə, Gəncəyə qadağan olunmuş kapsullu raketlər atanda belə eyni tərzdə cavab vermədik. Bədnam qonşular 10 noyabr müqaviləsini pozaraq Qarabağda qanunsuz silahlı qüvvələr saxlayıb bizə qarşı ölüm və qanla nəticələnən həmlələr həyata keçirəndə də təmkinimizi pozmadıq. Azərbaycan 27 sentyabr 2020-ci ildən başlayaraq 20 sentyabr 2023-cü ilə qədər beynəlxalq qanunvericiliyə və konvensiyalara zidd getməyən legitim hərbi və terror əleyhinə əməliyyatlar həyata keçirdi. Bizə eynən HƏMAS-ın israillilərə etdiyini yaşadanları tam təhlükəsiz şəkildə, suyla, çörəklə yola saldıq. Yalnız ölkəmizə qarşı qatı cinayət törətmiş şəxsləri qanuni şəkildə qandallayıb ədalətin hüzuruna çıxarmaq üçün Bakıya gətirdik.
Beləliklə, Azərbaycan nümunəsi təkcə HƏMAS üçün deyil, həm də İsrail üçün keçərlidir. Ən emosional vəziyyətdə belə soyuqqanlı davranmalı, öz gücünə və beynəlxalq mövqeyinə arxayın olub müharibə cinayətləri törətməməlidir. İllah da o halda ki, Fələstinin beynəlxalq statusu Qarabağda qurulan və heç kim tərəfindən tanınmayan oyuncaq rejimlə müqayisə oluna bilməz.
Hadisələri kənardan soyuq başla izləyəndə belə bir təəssürat yaranır: HƏMAS fələstinliləri pis vəziyyətdə qoymaq üçün bu əməliyyatları həyata keçirdi. Çünki onun İsraillə müharibə aparmaq iqtidarında olmadığını uşaq da bilir. Və belə qəfil hücumdan sonra qarşı tərəfin və dünyanın necə reaksiya verəcəyini də ehtimal etmək çətin deyil.
Əlbəttə, terrorçularla haqq-hesab çəkmək vacibdir. Lakin onları dinc əhalidən kənarda hədəfə almaq haradasa mümkünsüzdür. Belə bir şəraitdə bütün dünya ictimaiyyəti İsraili emosiyalardan uzaq davranmağa, məsələni mümkün qədər danışıqlar yolu ilə həll etməyə çağırmalıdır.
Bu mənada Türkiyənin vasitəçilik təklifi təqdirəlayiq addımdır. Eləcə də Azərbaycanın rəsmi olaraq hər iki tərəfi atəşkəsə dəvət etməsi...
Biz qan və müharibə istəmirik. Nə öz yurdumuzda, nə yaxın-uzaq sərhədlərimizdə. Və hər cür terroru, basqını, işğalı pisləyirik. 30 ildən artıq bu əməllərdən əziyyət çəkən, insan və torpaq itirən bir məmləkət kimi... Ümid edirik, dünyanı idarə edən super dövlətlər və beynəlxalq təşkilatlar Yaxın Şərqi üz-üzə qaldığı bu dəhşətli fəlakətdən xilas edəcək. Üçüncü tərəfin məsələyə müdaxiləsinin qarşısını alaraq ən azı atəşkəsə nail olacaq.
Terroristlərlə baş etməyin isə Qarabağ kimi unikal nümunəsi var. Uğurlu təcrübədən yenicə çıxmış bir nümunə...