14.01.2025, 01:27
AZ EN
22.09.2023, 17:25

Ordumuzun master-klası

Şərif AĞAYAR

  • Sentyabrın 19-u Qarabağda başlanan antiterror əməliyyatları bizi bir anlıq üç il əvvələ - 44 günlük müharibəyə qaytardı. Ordumuz peşəkar davranışlarını bir daha təkrarlayaraq öz gücünü dostun da, düşmənin də yadına saldı. Bu dəfə də Türkiyə əsl qardaşlıq nümayiş etdirdi: hörmətli Rəcəb Tayyib Ərdoğan “Qarabağ Azərbaycandır!” nidasını BMT-nin ən ali kürsüsündən hayqırdı.

Biz yenə də Müdafiə Nazirliyinin xüsusi əməliyyatlardan yaydığı bir neçə saniyəlik videoçarxlarla müharibədə virtual iştirak etdik və reallığı dəqiqliklə görüb qiymətləndirdik.

Yadınızdadırsa, 44 günlük müharibədən sonra Ermənistanın üçtərəfli müqavilənin şərtlərinə  əməl etməməsindən danışan Ali baş komandan, ölkəmizin başçısı cənab İlham Əliyev Qarabağda hər şeyə nəzarət etdiyimizi, Laçın ərazisindən gəlib-gedən maşın vətexnikanın sayını belə bildiyimizi söyləmişdi. 19 sentyabr əməliyyatında biz bunun şahidi olduq. Ordumuz legitim hədəfləri ovcunun içi kimi tanıyır, bircə atəşlə sıradan çıxarırdı. Hətta Müdafiə Nazirliyinin son videomateriallarında hərbi forma geyinmiş separatçılara belə atəş açılmadığını müşahidə etdik. Bu detal antiterror əməliyyatının pik nöqtəsi idi: sanki çox güclü şahmatçı zəif rəqibi ilə oynayır,  onun ən böyük fiqurlarını almaq imkanı varkən bunu etmir, çünki qalib gələcəyinə əmindir.

Bu, həm də “Azərbaycan ordusu Qarabağda soyqırımı törədir” deyib dünyaya səs salan ermənilərə unikal cavab idi.

Dünyada bütün varlığımla əmin olduğum çox az həqiqətlərdən biri də budur ki, Azərbaycan ordusu heç vaxt kimisə öldürmək, kiminsə ərazisinə tutmaq iddiasında olmayıb və deyil. O, nəinki dinc əhaliyə – qoca, qadın və uşağa, hətta hərbi forma geyinmiş əlisilahlıya da rəhm etməyi bacarır. Əsl güc-qüvvət də elə burdadır. Həm mənəvi, həm psixoloji, həm də fiziki...

Axı biz alnına Xocalı yazılmış insanlarıq.

Bizim yerimizə dünyanın ən humanist xalqı da olsa, bu cür davranmazdı.

Ordumuzun silahlı separatçılarla da ədalətli davranması həm də Ali baş komandanın iradəsi idi. Çünki o, Qarabağdakı silahlı ermənilərə müraciət etmiş, silahı yerə qoyarlarsa, həyatları üçün heç bir təhlükə yaranmayacağına söz vermişdi. Silahsız əhaliyə isə əməliyyat aparılan ərazilərdən təhlükəsiz uzaqlaşmaq üçün humanitar koridor açılmışdı...

Kaş belə bir koridor Xocalı vəhşicəsinə dağıdılanda oradakı dinc sakinlər üçün də açılaydı, rahat çıxıb gələ biləydilər. Amma etmədilər. İndi tarix təkərrür edirdi və biz eyni namərdliyə yol vermirdik.

Pisliyindən əl çəkməyən düşmənə ən möhtəşəm cavab yaxşılıqdır. Sən bununla ondan tək hərbi baxımdan deyil, həm də insanlıq baxımından qat-qat üstün olduğunu göstərirsən. Bununla onu psixoloji məğlubiyyətə məhkum edirsən. Amma əlbəttə, anlayan, başa düşən, ibrət götürən birini...

Bəzən belə olmur.

Bəzən başa sala bilmirsən ki, sənə əl bulasam, daşını-daş üstündə qoymaram. Mənim ölkəmin ərazisində mənimlə silah və terror dilində danışa bilməzsən. Mənim dinc sakinimi, polisimi, hərbçimi öldürə bilməzsən. Bu sənə heç nə verməyəcək. Versəydi, bu 30 ildə – torpaqlarımızın 20 faizi sənin əlində qaldığı müddətdə verərdi. Hüquqi baxımdan heç nəyə nail ola bilmədin, ən ermənipərəst ölkələr belə, sənin mövcudluğunu qəbul etmədi, şəhər və kəndləri isə viranəyə döndərdin. Bu bayquş xislətinlə haracan gedəcəksən?

Başa sala bilmirsən ki, xarici havadarlara arxayın olub aid olduğun ölkənin hökuməti və əhalisi ilə belə davranmamalısan. Bir gün geosiyasi vəziyyət dəyişir, ağla qara bəlli olur. Bax nə oldu? Ermənistan özü belə sənin arxanda dayana bilmədi. Bilməz də! Çünki Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dövlət sərhədimizə hər hansı müdaxilə, tarixi torpaqlarımız olan Zəngəzura, Göyçəyə doğru irəliləməyimizə haqq qazandıracaq.

Unutmayaq, bu tarixi gerçəklik Laçındakı post-məntəqəni bağlamağımızdan sonra yarandı. Əgər o yola nəzarət tamamilə bizim ixtiyarımızda olmasaydı, növbəti erməni xisləti ilə üz-üzə qala bilərdik: dildə biz qarışmırıq deyib, daldada bildiklərini edərdilər.

Şuşanın azad edilməsindən sonra Laçında post-məntəqə yaratmağımız Qarabağ düyününün çözülməsində növbəti ən vacib mərhələ idi. 9 noyabr üçtərəfli müqaviləsinin bir çox bəndlərinə, xüsusən Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisindən çıxarılmasına əməl etməyən bədnam qonşularımız, üstəlik gizli yollarla Xankəndinə silah daşımağa da qalxdılar.

Şər belədir. Sən çəkildikcə üstünə gəlir. Şərin məsuliyyət hissi yoxdur.

Post-məntəqə bağlananda Cənubi Qafqazın siyasi mənzərəsi tamam dəyişdi. Eyni ahənglə dünyanın hər tərəfindən ermənilərin qışqırığı eşidildi. Ay acından batdıq, ay blokadada qaldıq, ay bizi məhv etdilər... Qarşılığında Azərbaycan tərəfi bütün humanitar yüklərə sərhədi açdı. Vətəndaşların da gediş-gəlişinə beynəlxalq standartlara uyğun şərait yaradıldı. Lakin bizim ərazimizdə yaşayan erməni əsilli vətəndaşların... Həm də adı bizim qanunlara görə cinayətkarların siyahısında olmayan vətəndaşların...

Meşəli cəlladı Vaqif Xaçaturyan qulaqlananda post-məntəqənin öz funksiyasını layiqincə yerinə yetirəcəyinə hamı əmin oldu.

Qarabağda və Zəngəzurda yeni reallıq hökm etməyə başlamışdı.

Antiterror əməliyyatı isə həm Ermənistana, həm Qarabağdakı separatçılara, həm də dünyaya bir mesaj idi: mən öz ərazimdə post-məntəqə də yaradaram, cinayətə yol vermiş istənilən şəxsi də qulaqlayaram, üstəlik antiterror əməliyyatı da keçirərəm, çünki bura mənimdir və heç kimin mənim daxili işimə qarışmaq ixtiyarı yoxdur, illah da heç bir fəaliyyətimdə beynəlxalq qanunvericiliyi pozmuramsa...

Və bu da antiterror əməliyyatının nəticəsi!

Yekə-yekə danışan separatçılar cəmi 23 saat 43 dəqiqə tab gətirə bildilər.

Sənin gücün budursa, nə deyib seçki keçirirsən, səngər qazırsan, mina basdırırsan? Adamın bir ağlı-düşüncəsi olmazmı? Yoxdursa, iş görəndə bir ağıllı, bir düşüncəli adamla məsləhətləş də. İnsan nə qədər bədbəxt olar ki, xarici havadarlara arxayın olub bu addımları atsın? Axı onlar gəlib çıxınca dərini boğazından çıxaracaqlar. Səndən yüz qat güclü ola-ola səninlə silah dilində danışmayana niyə silah tuşlayırsan? Yoxsa hələ də 90-ların “Ohanyan eyforiyası”ndasan?

Ağlı, məntiqi və ədaləti olan tərəfin ən böyük şansı hər cür dialoqa girdiyi qarşı tərəfdə heç olmasa bunlardan birinin olmasıdır. Ümid edirəm, gec də olsa Qarabağ erməniləri reallığı anlayıb qəbul edəcəkdir. Qalıcı sülhə nail olmağın başqa yolu yoxdur və təcrübə bir daha göstərdi – istənilən hərbi əməliyyatda ən böyük zərbə buna bais olanlara dəyəcək!

Azərbaycan ordusunun son master-klası örnək götürmək üçün çox ciddi nümunədir.

Rəşadətli ordumuzu alqışlayır, şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm...