27.07.2024, 15:21
AZ EN
16.09.2023, 18:20

Yarımçıq qalan sevgi

Tahirə AĞAMİRZƏ

  • 2020-ci il ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı, Azərbaycan qələbə işığına büründü. 30 ildən sonra Vətən torpaqları düşmən tapdağından azad olundu.

44 günlük Vətən müharibəsi bizim tarixi bir sınağımız idi. Burda bütün xalqımız,  uşaqlı-böyüklü, kişili-qadınlı, qızlı-gəlinli, bütöv xalqımız birləşdi, bütövləşdi.

Bu qanlı-qadalı, ölümlü-itimli müharibədə Zəfər qazanmaq şərəfinin tamını dadmaq qismətimiz oldu... Ana-atalarının qucağında kiminin 40-ı çıxmamış, kiminin 6 ayı, yaşı tamam olmamış, kimi 3, 4,5...yaşlarında dədə-baba yurdumuzdan qovulan oğullarımız böyüdü və düşmən səddini yarıb keçdi, Qarabağımızı, Şərqi Zəngəzurumuzu canları, qanları bahasına xilas etdilər... Bu zəfərə qovuşmağımıza yol açan 3000-dən artıq igidimiz ŞƏHİD oldu. Kiminin barmağında nişan üzüyü, kiminin sinəsində gəzdirdiyi doyunca sarıla, öpüb-oxşaya bilmədiyi körpələrinin şəkilləri, kiminin sevdiyinin telefonunda yarımçıq qalmış səs yazısı, kiminin təkcə ümidi, pənahı olan anasının son səsi və şəkli...

Bir də onlardan geriyə qalan ərsiz xanımları, atasız övladları oldu... Düzdür, dövlətimiz hər bir şəhid ailələrinə diqqət və qayğısını əsirgəmir, onları hər bir şeylə təmin edir... Lakin ömürlər, yarımçıq yaşanan günlər, təkbaşına yaşanılacaq ömür çox çətindir, amma şərəflidir, qürur vericidir, başucalığıdır...

Həm xalqımız, həm də şəhidlərimizin anaları, xanımları, övladıları həmişə onlarla fəxr edir, qurur duyur, əbədi yaşadırlar...

Belə xanımlardan biri də Əsmər Əliyevadır.

Bu günlərdə sosial şəbəkələrdə bir video qarşıma çıxdı, həm qürurla, həm də göz yaşlarımla izlədim...

Video Zaqatala rayonunun Bəhmətli kəndində anadan olan Azərbaycan Ordusunun kapitanı Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə  qəhrəmancasına şəhid olan Fəzayil Əliyevin   xanımı Əsmər Əliyevaya həsl olunmuşdu . Videonu izlədikcə  Əsmər xanımın böyüklüyü, sədaqəti, mərdliyi, əbədi SEVGİSİ ilə qürurlanmamaq, onun yaşadığı hissləri içindən keçirməmək mümkün deyil. Bax, 44 günlük Vətən Zəfərini xalqımıza yaşadan oğullarımızı da belə analarımız doğub...

Əsmər Əliyeva deyir:

Bu, Fəzailin öz saatıdı, müharibədə də qolunda olub, hər şeyin şahidi bu saatdır. Üzərindən tozu, torpağı heç nəyi silməmişəm. Eləcə qolumda saxlayıram. Səhər işə gedən vaxtlar çalır, bir də 6-nın yarısı çalır ki, yəni oyan, dur, işə getmək vaxtıdır. Həmişə deyirəm ki, nə qədər nəfəsim var, mən varam, bu saat da qolumda olacaq, işlədi-işləmədi. İşdə də, evdə də, hər yerdə... Həqiqətən də, doya-doya yaşaya biləcəyim bir həyatı yaşatdı o mənə. Çox qürur hissi duyuram. Düzgün bir insanla həyat yaşadım... Nəsildə hamı bilirdi ki, Fəzail Əsmərlə nəfəs alır. Hamı bizdən danışırdı... Hal-hazırda bir arzum var, onunla bağlı bir film çəkdirəm. Biz çox çətinliklə qovuşmuşduq bir-birimizə. Bizim çox gözəl sevgi hekayəmiz olub, çox gözəl. 7-ci sinifdən... 16 il... az bir şey deyil...

“Əsmər  xanım, o həyatınızdan, o sevginizdən  bəhs edən əsər yazmış olsaydınız, film çəkmiş olsaydınız, o əsərin, filmin adı necə olardı”,- sualına o, belə cavab verir: “Yarımçıq qalmış sevgi”.

Yarım qalan bu sevginiz,

Dünyaya sığmaz, qızım.

Bu sevginiz əbədidir,

əbədi yaşayacaq...

Gözlərindən öpürəm,

Mənim vəfalı qızım...

Əsmərin dili ilə deyirəm:

Bu Fəzailin saatıdır,

Qolunda döyüşüb düşmənlə.

Tozunu da almıram,

Üzərinə titrəyirəm,

Bu saat hər şeyin şahididir,

Güllə səsi eşidib bu saat,

Mərmilər açılıb yan-yörəsində,

Təkcə Fəzailin deyil,

İgidlərin, “İrəli! Səsi hopub

Bu saata...

Bu adi saat deyil,

Bu saat bir tarixdir...

...Səhərlər məni oyadır,

Fəzailin səsiylə,

Narahat  olur, birdən işə

Gecikərəm, deyə...

Nə qədər nəfəsim var,

Bu saat mənimlədir,

Yarımçıq qalan sevgimdən

Qiymətli xatirədir...