Bu gün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ilk dəfə avqustun 26-da təntənəli şəkildə qeyd olundu. Bayram tədbirində ölkə başçısı və xanımının iştirakı Laçın gününü daha da mötəbər qıldı.
Bu il 100 yaşını qeyd edən Laçın şəhəri 1923-cü ildə Laçınkənd və Abdallar kəndi arasında qəza mərkəzi kimi salınıb. 1930-cu ildə – qəzalar ləğv edilərək rayonlara bölünəndə Laçın şəhəri eyni adlı rayonun mərkəzinə çevrilib.
Şəhərə bu adı tanınmış yazıçı Tağı Şahbazi Simurğ verib. O, yazıçı təxəyyülü ilə şəhərin coğrafiyasını nəzərə alaraq bu adı seçib.
Bildiyiniz kimi, Laçın dağlarda yaşayan qartal növüdür. Laçın şəhəri də uca dağların qoynunda yerləşir. Şəxsən mənə görə, bu ad dünyanın ən gözəl adıdır. Təkcə doğulduğum rayon olduğuna görə deyil, sözün estetik mənasında da belə düşünürəm... Məqalədə, hekayədə, şeirdə, mahnıda – harada rast gəlirsən gəl, Laçın adında gözəllik qarışıq bir əzəmət hiss edirsən.
İşğaldan əvvəlki şəhərin adına layiq gözəlliyi vardı. Xüsusən Zabux tərəfdən gələndə ardıclı dağın yamacına səpələnmiş qırmızı çardaqlı, mavi aynabəndli evlər səni təbəssümlə qarşılayır, sanki qucaq açıb gəl-gəl deyirdi.
Sonra xarabaya döndü bu şəhər!
Evlərini yandırdılar, küçələrini dağıtdılar, insanlarını didərgin saldılar...
İşğal vaxtı iki bir-üç bir yaşayış evi qalsa da, hətta bəzi yerlərdə təzə tikililər tikilsə də, şəhərin əvvəlki şuxluğu itmişdi. Laçın nəinki qocalmış, hətta ölmüşdü, sadəcə quru nəfəsi gedib-gəlirdi.
Hər dəfə müxtəlif beynəlxalq təşkilat nümayəndələrinin çəkib internet resurslarına yerləşdirdiyi videolarda görəndə adam sarsılırdı. Sizə deyim, Ağdam kimi, Füzuli kimi yer üzündən tamam silinsə, bundan yaxşı idi. Onda biryolluq bilərdik ki, son nəfəsi də getdi. Əlimizi üzüb rahatlayardıq. Bu da olsun tarixən itirdiyimiz onlarla gözəl şəhərdən biri...
Lakin tale Laçına qarşı təkcə mərhəmətli deyil, o həm də ədalətli davrandı. Gün gəldi cəsur əsgərlərimizin sayəsində düşmən əsarətindən xilas oldu. Və tezliklə bu cənnət diyarda abadlıq işləri başladı.
İndi Laçına hər baxanda təkcə evlər gülümsəmir, sən də onlara tərəf gülümsəyirsən.
Mən “Laçın Şəhəri Günü”ndən bir neçə gün əvvəl öz kəndimizə – doğma Ağbulağa getmişdim. Bu səbəbdən 25 avqust gecəsi Laçına Zabux tərəfdən gəldim. Dağların tanış yaxası sonsuz işıq dənizinə qərq olmuşdu. O işıqlar nəinki Ermənistanın yaxın yamaclarında və Zabux dərəsində, hətta səmada da bərq vururdu. Şəhər sanki ona yeni həyat verən Tanrıya şükür edirdi.
Əminəm, Laçın yarandığı gündən belə möhtəşəm görünməmişdi.
O işıqlar Tanrıya dua edir, laçınlılara sevinc yaşadırdısa, düşmənə də öz yerində otur deyirdi.
Sakitcə...
Bir güllə belə atmadan...
Eləcə mövcudluğunu göstərərək...
Bu dəfə şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulamaqla yanaşı, qurub-yaradan əllərə bir minnətdarlıq duyğusu da keçirirdin.
“Laçın Şəhəri Günü” isə... bunu təkcə Azərbaycan yox, bütün dünya gördü. Efirlər, internet kanalları, sosial şəbəkələr şəhərin müxtəlif guşələrinin görüntüsü ilə bəzənmişdi.
Ölkə başçısı Laçın gününə əliboş gəlməmişdi. Gəlin ən vacib işlərin sıralanmasına baxaq:
“Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının istifadəyə verilməsi;
Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq;
Mehmanxana kompleksinin təməlinin qoyulması;
“Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı;
2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra istifadəyə verilməsi;
“Həkəri Balıq Təsərrüfatı”nın açılışı;
Zabux kəndində görülmüş işlərlə tanışlıq;
Və nəhayət “Laçın Şəhəri Günü”nə aid bayram şənlikləri...
Bayram şöləni Həkəri çayının sahilində yenicə salınmış Bulvarda keçirilirdi. Tədbir Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilirdi.
Bulvarda Uşaq İncəsənət Festivalının yay düşərgəsində finala çıxmış şagirdlərin rəssamlıq, dekorativ-tətbiqi sənət və digər istiqamətlər üzrə əsərlərinin təqdimatları da oldu. Burada, həmçinin Laçın mətbəxindən nümunələr təqdim edildi, “Hünər meydanı”nda zorxana təşkil olundu, pəhləvanlar və kəndirbazlar çıxış etdi, qiraətçilər laçınlı şairlərin şeirlərini səsləndirdilər.
Şənliyin konsert hissəsi şəxsən mənim üçün gözlənilməz sürprizlə davam etdi – düz 30 il əvvəl yazıb o zaman İsmayıllı rayonunda böyük çətinliklərlə nəşr olunan “Laçın” qəzetində çap etdirdiyim “Ay Laçın” şeiri aşıqlar ansamblı tərəfindən ifa olundu. Məncə, bir qələm adamı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Doğma şəhərin işğaldan azad olunur, sürətli abadlıq işləri başlayır, onlarla ailə öz evinə qayıdır, şəhərin yeni salınmış bulvarında bayram tədbiri təşkil olunur, qalib Ali baş komandan bu tədbirdə iştirak və çıxış edir, onun qarşısında saz çalıb oxuyan aşıqlar qrupu Laçının simvollarından sayılan Sarı Aşığın bayatısı ilə birlikdə sənin illər əvvəl yurd həsrəti ilə yazdığın şeiri də oxuyurlar...
“Ay Laçın” şeirinin içində nə qədər həsrət notları varsa da, gələcəyə böyük bir inam da var. Sanki otuz il əvvəlin o ağır günlərində də mən Laçının ogecəki avqust işıqlarını görürmüşəm. Gəlin, həmin şeiri təqdim etməklə yazımı bitirim. Onsuz da qalanını hamınız mətbuatdan izləmisiniz. Lakin son olaraq bircə kəlmə yazmağıma icazə verin:
Vətən onu viranəyə döndərənlərin deyil, bu cür gözəl, abad, işıqlı diyara çevirənlərindir – nə yaxşı dünyanın ağıllı insanları bu dəmir məntiqi unutmayıblar.
Ay Laçın
Sözümün əvvəli, sözümün sonu
Məskənim, beşiyim, anam, ay Laçın
İstərəm eşqinlə Xan Kərəm kimi
Alışam, ay Laçın, yanam, ay Laçın
Çırpılam qoynuna əsən yel kimi
Sızlayam dərdinlə incə tel kimi
Duyam nəfəsini, açam gül kimi
Bülbülüm, ay Laçın, sonam, ay Laçın
Söz qoşam qoynunda hər daşa, dağa
Saralan çiçəyə, solan yarpağa
Yatam qucağında, dönəm torpağa
İtməyə qəlbimdə inam, ay Laçın
Məskənim, beşiyim, anam, ay Laçın!