27.07.2024, 19:23
AZ EN
08.06.2023, 11:29

Zəfər yolu ilə Şuşaya səfər

Sabit ƏZİMOV

  • Azad edilmiş Qarabağımızın tacı hesab etdiyimiz, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşaya səfər edərkən həyəcan və sevinc hissləri yaşayırsan, can atdığın ünvan haqqında bütün yol boyu düşünürsən, özünə hesabat verirsən, görüşünə tələsdiyin şəhərimizi necə görəcəyinə, ünvanlanan suallara verəcəyin cavabları saf-çürük edirsən. 1992-ci il 8 may — 8 noyabr 2020-ci il. Uzun bir dövrü səciyyələndirən işğal və zəfər tarixi…

Əhmədbəylidən Şuşaya zəfər yolu ilə gedərkən bütün yol boyu yaddaşıma həkk etdiyim hadisələri, işğalla bağlı beynəlxalq qurumların fəaliyyətsizliyini, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılan danışıqların səmərəsiz nəticəsini, havadarlarına arxalanaraq dövlətimizin geniş ərazisini işğal etmiş erməni vəhşiliyinin nəticələrini təhlil edərkən bir daha əmin oldum ki, bu gün dünya düzənində söz sahibi olmaq üçün ilk növbədə güclü iqtisadiyyata və müasir texnologiyaya əsaslanmış hərbi-texniki imkan, güclü iradəsi olan siyasi lider ən vacib amildir. Zəfər yolu ilə Şuşaya gedərkən qürur duyuruq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük rəşadətli qələbəsi yurd həsrətli illərimizə son qoyulması baxımından şanlı tarixə çevrilərək xalqımızın şərəfinin qorunmasında ən yeni tarixin əsasını qoydu. Yol boyu qələbəyə doğru çətin maneələrdən keçən, Ohanyan səddini darmadağın edən Azərbaycan əsgərinin qəhrəmanlığı qarşısında hər addımlıqda baş əyməyi, şəhidlərimizə rəhmət diləməyi borc hesab edirəm, igidlərimizin bəxş etdiyi bu günümüzə görə minnətdarlıq edərək yolumuzu davam etdirirəm.

Yolun sağ və sol hissəsində erməni vəhşiliyi nəticəsində dağıdılmış yaşayış yerləri, qəbiristanlıqlar, təsərrüfat sahələri və digər infrastrukturlar bu yerlərdə erməni barbarlığını tam təsdiq edir. Bəs necə ola bilər ki, insan haqqları, dövlətlərin ərazi bütövlüyünü qorumalı olan beynəlxalq təşkilatların işğal olunmuş torpaqlarımıza səfər edən nümayəndələri bütün bu vəziyyəti görərkən görməzliyə vurublar?Geosiyasi maraq dairələrinin dövlətimizə qarşı ən məkrli planlarını isə şanlı Azərbaycan ordusu alt-üst etdi, torpaqlarımızı işğal edərək böyük Ermənistan yaratmaq istəyənlərin arzusu məhv edildi.

Zəfər yolunun qısa müddətdə, yüksək keyfiyyət, müasir texnologiyaya əsaslanaraq istifadəyə verilməsi də qazanılmış Zəfərin böyüklüyünü, əzəmətini və tarixiliyini bir daha təsdiq edir. Şuşaya doğru hərəkət etdikcə Azərbaycan dövlətinin qüdrətinin əyani şahidi oluruq, yol infrastrukturu, elektrik enerjisi ötürücülərinin qurulması ilə məşğul olmuş dövlət idarələrinin, hazırda əlavə yol tikintisini davam etdirən idarə, agentlik, şirkətlərin kollektivlərinin fədakar işlərini qeyd etməyi vacib hesab edirəm, bu cür əsl vətəndaş mövqeyi ilə vətəninə xidmət edən insanların fəaliyyətini qazanılmış qələbənin möhkəmləndirilməsi baxımından çox qürurverici hesab edirəm.

Şuşaya çatana kimi əsrarəngiz təbiət gözəlliyinin şahidi oluruq, bu fikri cəsarətlə deyə bilərəm ki, yaxın bir dövrdə dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək turizm mərkəzləri bu ərazilərdə uğurla fəaliyyət göstərəcəkdir. Addımbaşı təbii gül-çiçəklər, günün ən isti çağında sərinlik yaradan yağış və duman, meşə zolaqlarının içərisindən keçən abad yol, çiyələk, moruq bitkiləri xüsusi təbii zövq yaradır, təmiz iqlim şəraiti bu yerlərin əvəzsiz olduğunu təsdiq edir. Hətta bu yerləri görməyən, ancaq azad edilmiş Şuşa şəhərinə səfər edənlər də təəccüb və həssaslıqla Qarabağın necə gözəl, cənnətə bənzər bir vətən torpağı olduğunu heyranlıqla qeyd edirlər. Qarabağ xanlığının ərazi bütövlüyünü və siyasi müstəqilliyini qorumaq üçün Bayat və Şahbulaq qalasından fərqli olaraq ən əlverişli coğrafi məkan kimi Pənahəli xanın bu yerləri seçməsi, Şuşanı bir qala olaraq tikdirməsi olduqca uzaqgörən və ağıllı yanaşmanın nəticəsi olmuşdur, qala divarları ilə hasarlanan şəhər isə hər zaman düşmən hücumları ilə üzləşmişdir. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir.

Təəccübləndirməyi və bizlərə sevinc bəxş etməyi bacaran Şuşamızın bir addımlığındayıq, həm görüşünə, həm də həsrətli illərimizdən sonra üz-üzə söhbətləşməyə tələsirik. Bizə ünvanlanacaq sualları cavablandırmağın asan olmayacağını yaxşı hiss edirəm, bu müqəddəs torpağı düşmənə təslim etmək olardımı? Şanlı Azərbaycan Ordusunun qayalıqların ən çətin yerlərindən keçərək adi silah və əlbəyaxa döyüş vasitəsilə Şuşamızı azad etməsi vətən torpağı qarşısında övlad borcunun yerinə yetirilməsinin təsdiqi oldu. Ulu öndər Heydər Əliyevin "Biz mütləq Şuşaya qayıdacağıq" deyərək söylədiyi və əmin olduğu fikirləri ata vəsiyyəti olaraq Prezident İlham Əliyev çox uğurla həyata keçirdi. "Əziz Şuşa, sən azadsan" sözlərini söyləyən Ali Baş Komandanın tarix və cəmiyyət qarşısındakı vəzifələrini layiqincə yerinə yetirdiyinin təsdiqi olaraq Şuşamız bizi qəbul etdi, öz qucağına aldı, böyüklüyünü təsdiq etdi. Şuşa şəhərinə daxil olarkən ən təsirləndirici mənzərələrdən biri də düşmən tapdağında qalmağına baxmayaraq bu müqəddəs torpağın öz ruhunu qoruyub saxlamasıdır. Şəhərin mərkəzində aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanışlıq zamanı əmin oldum ki, qısa bir zamanda Şuşalıların ləyaqətli qayıdışı baş verəcəkdir, ilkin olaraq 20 mindən artıq insan öz doğma evlərinə qovuşacaqdır. Məktəb, yaşayış binaları, xidmət sahələri, idarəetmə orqanları üçün bina və mərkəzlərin sürətli tikintisi davam etdirilir, tarixi-mədəniyyət abidələrinin bərpası üçün xeyli iş görülüb, xanlığın dövründə, sonrakı dövrlərdə tikilmiş, lakin erməni silahlı qüvvələri tərəfindən dağıdılmış şəxsi malikanələrin əvvəlki görkəmi əsasında bərpasına xüsusi fikir verilir. Düzdür, şəhərin mərkəzində yerləşən bir çox şəxsi mənzillər hələ də dağıdılmış vəziyyətdədir, yeni üslublu layihələrin həyata keçirilməsi zamanı isə müasir yanaşmalar zərurət olaraq qarşıya çıxır. Şəhərin bir çox yerlərində bulaqlar - sərin su insanların istifadəsindədir.

Ötən il Şuşada olarkən gördüklərimi indiki vəziyyətlə müqayisə edərkən əmin oldum ki, qüdrətli dövlətimiz öz gücü ilə bütün sahələrdə inkişafı təmin edəcək bazaya malikdir və bu işlər ağılla idarə edilir. Şuşa şəhəri üzrə prezidentin xüsusi nümayəndəliyinin, digər səlahiyyətli qurumların bütün işlərə diqqətlə yanaşdığı aydın hiss olunur. Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün büstləri yerləşən ərazidə abadlıq işlərinin təşkili, gül-çiçəklərlə bəzənmiş ərazilər bənzərsiz şəhərə əlavə gözəlliklər gətirir. Məscidlərin, qala divarlarının zövqlə və tarixiliyin qorunması baxımından bərpası ürəkaçandır. M.P. Vaqifin məqbərəsinin yüksək səviyyədə bərpa edilərək əvvəlki illərdə olduğu kimi ucalmış vəziyyətdə görmək olduqca sevindiricidir. 1982-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ucaldılmış məqbərə işğal dövründə erməni vandalizminə məruz qalmışdır, hazırda isə bərpa edilmiş məqbərənin əhatəsi yüksək səviyyədə abadlaşdırılmış, əsl istirahət və mədəniyyət mərkəzinə çevrilmişdir. Məqbərəni ziyarət edərək Cıdır düzü meydanına yollanırıq, yerli tikinti materialları hesabına döşəmə daşlarla bəzədilmiş bu yol tarixilik baxımından olduğu kimi təmir edilib. Yolun kənarında xüsusi hərəkət zolaqları yaradılıb, rahat gəzinti üçün hər bir incəlik nəzərə alınıb.

Cıdır düzü meydanının çox gözəl, cəlbedici vaxtında burada olmağı ayrıca qeyd etməliyik. Hər tərəf yaşıllıq, çiçəklərlə bəzənmişdir, tez-tez beynəlxalq festival və tədbirlərin keçirildiyi ünvan olaraq əzəmət, vüqar və sevinc hissləri ilə əhatə olunmuşdur! Topxana meşəsinin işğal dövründə ekoloji terrora məruz qalması da hamımıza məlumdur, lakin bu təbiət varlığının, mənzərənin də canlandığı - özünə gəldiyi hiss olunur.

İşğalçı ölkənin baş nazirinin Cıdır düzündə rəqs edərək "Qarabağ Ermənistandır" dediyi sözləri Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək əməli surətdə sübut etdi ki, bu torpaqların əzəli və əbədi sahibi Azərbaycan xalqıdır! Şuşa, onun toy-büsat mərkəzi hesab etdiyimiz Cıdır düzü öz tarixi şöhrətinə qayıtmışdır!

Burada belə bir duyum yaşayırsan ki, torpaq öz övladlarını görərək hədsiz sevinc içərisindədir, elə biz də xalqımızı öz ətrafında sıx birləşdirməyi bacaran Şuşanın cazibəsindən ayrılmaq istəmirik!

İşğaldan azad edilmiş Şuşada 15 iyun 2021-ci ildə Türkiyə-Azərbaycan dövlət başçılarının müttəfiqlik münasibətləri haqqında imzaladıqları bəyannamə bir millət, iki dövlət prinsiplərini qorumaq baxımından tarixi zəfərin yaratdığı reallığın təsdiqi və uğurlu davamı olaraq tarixə çevrildi. Şərqin konservatoriyası hesab etdiyimiz Şuşada olarkən böyük bəstəkarların, Azərbaycanın mədəniyyət, incəsənət və dövlət xadimlərinin vətənini, ev muzeylərini ziyarət etməklə böyük qürur duyduq, eyni zamanda 1988-ci ildən etibarən bu günümüzədək Azərbaycanın ərazi bütövlüyünün qorunmasında şəhid olmuş qəhrəman övladlarımıza rəhmət dilədik, qazilərə sağlamlıq arzuladıq.

Müvəqqəti yaşadığım ünvana dönmək zamanı isə müqəddəs torpağımız bizdən ayrılmaq istəmirdi, ilahi varlığın agah etdiyi hisslər də bizlərə torpağımızdan ayrılmamağı anladırdı. Yaxın günlərdə Ağdama yollanaraq müqəddəs torpağımıza baş çəkməyi də övlad borcum hesab etdiyim üçün Şuşa şəhəri ilə müvəqqəti xudahafizləşdim.

Azad olunmuş yurd yerlərimiz bizləri gözləyir!