27.07.2024, 08:41
AZ EN
27.05.2023, 15:00

Mina təhlükəsindən qorunmalıyıq!

Sabit ƏZİMOV

  • Doğma Qarabağımızın 44 günlük Vətən müharibəsində Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən azad olunması nəticəsində yurd həsrətimizə son qoyulmaqdadır. Artıq Zəngilanın Ağalı kəndinə, Tərtərin Suqovuşan qəsəbəsinə keçmiş məcburi köçkünlərin qayıdışına nail olunmuşdur, azad edilmiş digər ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam etdirilir. Təsdiq olunmuş dövlət proqramlarına uyğun olaraq Şuşada, Ağdam, Laçın və Kəlbəcər rayonlarında, digər azad edilmiş ərazilərdə uğurlu layihələr həyata keçirilməkdədir. İqtisadiyyatın bütün sahələrinin inkişafına, məskunlaşması nəzərdə tutulmuş insanların məşğulluq fəaliyyətinin tənzimlənməsinə hesablanmış kompleks tədbirlər nəticəsində yurd həsrətli insanlarımızın doğma ocaqlarına qayıtması üçün müvafiq tədbirlər görülməkdədir, təhlükəsizlik sisteminin təmin edilməsi də xüsusi diqqət mərkəzindədir.

Çox təəssüf ki, 30 ilə yaxın bir müddətdə Ermənistan silahlı qüvvələrinin ərazilərimizi işğalda saxlaması nəticəsində nəinki yaşayış yerlərimiz dağıdılmış, tarixi-mədəniyyət abidələrimiz vandalizmə məruz qalmış, eyni zamanda ekoloji mühit məhv edilmiş, təbii ehtiyatlar talançılığa məruz qalmış, torpaqlar mina və digər partlamamış sursatlarla çirkləndirilmişdir. Elə bunun nəticəsidir ki, azad olunmuş torpaqlarımıza genişmiqyaslı - kütləvi qayıdışa uzun vaxt tələb olunur, minatəmizləmə əməliyyatlarına isə böyük xərc və zaman sərf edilir. Vətəndaşlarımızın yurd yerlərinə azad gedib-gəlməsinə isə mina təhlükələrinin mövcudluğu ciddi şəkildə çətinlik yaradır. Bu bir həqiqətdir ki, yurd həsrətli insanlarımız doğma torpaqlarına qayıtmağa tələsirlər, lakin işğala məruz qalmış ərazilərdə mina təhlükəsi qalmaqdadır. Partlamamış, təmizlənməmiş ərazilərə səfər etməyin nə demək olduğunu yaxşı bilirik, həyat təhlükəsi yaradan, minalanmış zonalara gedərək təhlükəyə məruz qalmağımıza səbəb olan hərəkətlərdən çəkinməliyik. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış, 25 ildir fəaliyyət göstərən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən ardıcıl görülən işlər barədə hamımız məlumatlıyıq. Düşmən qüvvələri keçmiş təmas xəttinin geniş ərazisini minalarla çirkləndimişdir, qayıdışa can atan, icazəsiz səfər edən insanlarımıza isə bu ölüm təhlükəsi yaradır. 2020-ci ilin 8 noyabrında imzalanmış üçtərəfli sazişdən sonra da Ermənistan silahlı qüvvələri Laçın, Kəlbəcər rayonlarında 2021-ci ildə Ermənistanda istehsal edilmiş minaların basdırılmasını təşkil etmiş, faktlar öz təsdiqini tapmış və beynəlxalq qurumlar bu barədə məlumatlandırılmışdır. 1991-ci ildən bu günümüzə kimi 3377 nəfər Azərbaycan vətəndaşı mina qurbanı olub, işğaldan azad olunmuş torpaqlarımızda 302 dinc insan qurbana çevrilib, 57 nəfər həyatını itirib, 245 nəfər yaralanıb, hətta Minatəmizləmə Agentliyinin işçiləri qurbana çevrilmişlər. Bu günlərdə

Mina Təmizləmə Üzrə 2-ci Beynəlxalq Konfransın Ağdamda işə başlaması və Bakıda yekunlaşması da onu təsdiq edir ki, hələ də mina təhlükəsi qalmaqdadır, ölkəmiz dünya miqyasında minadan ən çox çirklənmiş dövlətlər sırasındadır, bir sıra bölgələrində olduğu kimi doğma torpaqlarımızda da təmizləmə üçün xeyli zaman və xərc tələb edilir.

Ağdamda "Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı inkişafa gedən Yol” mövzusunda keçirilən 2-ci beynəlxalq humanitar konfransda da Respublika Minatəmizləmə Agentliyi - ANAMA əməkdaşları nümayəndə heyətlərinə mina təhlükəsinin hələ də qaldığını, ərazilərimizdə 1.5 milyon mina və partlamamış sursatın mövcudluğunu çatdırdılar, təhlükənin mövcudluğu əyani şəkildə göstərildi. Konfrans iştirakçıları Qarabağ iqtisadi rayonunda görülmüş işlərlə tanış olmaq imkanı qazandılar, Azərbaycan dövlətinin bərpa-quruculuq, insanların sülh şəraitində yaşaması üçün həyata keçirdiyi geniş miqyaslı tədbirlərin şahidi oldular. Ermənistan dövlətinin işğalçı siyasəti nəticəsində dağıdılmış, ruhlar şəhərinə çevrilmiş Ağdamın yenidən, müasir üslubda qurulması ona əsas verir ki, yaxın bir zamanda mina təhlükəsindən azad olunmuş ərazilərimizə yeni bir həyat gələcək, ləyaqətli qayıdışa nail olacağıq.

Mina təhlükəsi nəticəsində zərər çəkmiş, amputasiya olunmuş futbolçuların oyununa tamaşa edən konfrans iştirakçıları mina probleminin miqyası, törətdiyi fəsadları da müşahidə etdilər.

Təəssüf ki, Azərbaycan dövlətinin Ermənistana ünvanladığı sülh çağırışları hələ də lazımınca qiymətləndirilmir, müharibə və minaların yaratdığı fəsadların aradan qaldırılmasında mövcud olan beynəlxalq təsir mexanizmlərindən istifadə olunmur, ərazilərimizi minalarla çirkləndirən Ermənistana qarşı hüquqi müstəvidə çəkindirici cəza tədbirləri görülmür, partlamamış minalar isə təhlükə mənbəyi olaraq qalır.

Ağdamda başlamış və Bakıda davam edən konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciəti, beynəlxalq konfransda 50-dən çox dövlətin, BMT baş ofisinin, beynəlxalq təşkilatların, diplomatik nümayəndələrin iştirakı həm də onu təsdiq etdi ki, ərazilərimiz Ermənistan işğalçı qüvvələri tərəfindən mina ilə çirkləndirilmiş, dövlətimiz isə təmizləmə işlərini öz gücüylə həyata keçirir, Ermənistan 30 ilə yaxın bir dövrdə Azərbaycanın 20 faizdən çox ərazisini işğal etmiş, beynəlxalq hüquq normalarını açıq şəkildə pozmuşdur.

Respublikamızın aidiyyatı qurumlarının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinin də iştirak etdiyi konfransda mina təhlükəsi ilə üzləşmiş vətəndaşların problemləri bir daha konfrans iştirakçılarının nəzərinə çatdırıldı, böyük quruculuğun davam etdirilməsi baxımından səylərin birləşdirilməsi öz aktuallığını təsdiq etdi.

Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi, vəzifə borcunu yerinə yetirərkən mina təhlükəsi ilə üzləşmiş, ayağı amputasiya edilmiş Hafiz Əzimzadə yeraltı su mənbələrinin, suvarma sistemlərinin bərpası zamanı minalardan qorunma və çirklənmənin qarşısının alınması üçün dövlət proqramlarının uğurla həyata keçirildiyini qeyd etdi, eyni zamanda hələ də təmizlənməyə ehtiyac olan ərazilərdə infrastruktur layihələrin həyata keçirilməsi zamanı qarşılaşdığı çətinlikləri konfrans iştirakçılarının nəzərinə çatdırdı.

Qarabağımızın azadlığına qovuşması, ərazi bütövlüyümüzün bərpası xalqımızın şərəf və qüruru baxımından tarixin şanlı səhifəsidir, bu mübarizə yolunda canından keçmiş şəhidlərimizi hörmət və ehtiramla yad edirik, qazilərimizə sağlamlıq arzulayırıq, azad olunmuş yurd yerlərimizə ləyaqətli qayıdışa məqsədli, vahid birliyimizlə, mina təhlükəsindən qorunaraq nail olmalıyıq!